TBİLİSİ, 27 mart. TELEQRAF

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Vahid Milli Hərəkat Partiyasının (VMHP) konstitusiyaya zidd elan olunmasını tələb edəcək.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, VMHP və onun ətrafında olan partiyaların konstitusiyaya zidd elan edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət olunacaq.

M.Mdinaradze deyib ki, VMHP-nin konstitusiyaya zidd elan edilməsi hakim partiyanın seçkiöncəsi vədlərindən biri olub:

“Artıq indidən aydındır ki, parlamentdə yaradılmış müvəqqəti istintaq komissiyası Vahid Milli Hərəkat Partiyası və ətrafındakı partiyaları konstitusiyaya zidd elan edilməsi üçün bizə tutarlı əsaslar verəcək”.

İcraçı katib qeyd edib ki, həmin partiyaların varislərinin konstitusiyaya zidd elan edilməsini nəzərdə tutan qanun layihəsi artıq hazırlanıb.

Qeyd edək ki, VMHP-ni 2001-ci ildə Mixeil Saakaşvili təsis edib. Partiya 2004-2012-ci illərdə Gürcüstanın hakim partiyası olub.

Gürcüstan parlamentində yaradılmış xüsusi istintaq komissiyası 2003-2012-ci illərdə mövcud olan hakimiyyətin fəaliyyətini araşdırır.