
TBİLİSİ, 27 mart. TELEQRAF
Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze və nümayəndə heyəti Serbiyanın xarici işlər naziri Marko Curiç ilə görüşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətindən bildirilib.
Görüşdə əsas müzakirə mövzuları ölkələrin xarici siyasət prioritetləri, təhlükəsizlik məsələləri, Avropa İttifaqına üzvlük və iqtisadi-ticari əlaqələrin inkişafı olub.
N.Samxaradze bildirib ki, müzakirələr zamanı Gürcüstanın işğal altında olan bölgələrində mövcud vəziyyət nəzərdən keçirilib.
“Biz Abxaziya və Tsxinvali bölgəsində baş verənlər barədə məlumat təqdim etdik. XİN başçısı Serbiyanın Kosovo ilə bağlı siyasəti barədə bizə ətraflı məlumat verdi. Biz Qara dəniz bölgəsində təhlükəsizlik məsələləri, həmçinin Azərbaycan və Ermənistan arasında sülh sazişi və Gürcüstanın regionda rolu barədə də danışdıq”, - komitə sədri söyləyib.
O qeyd edib ki, Gürcüstan və Serbiya beynəlxalq formatlarda bir-birini dəstəkləməkdə davam edəcəklər və ölkələrin ərazi bütövlüyü ilə bağlı mövqe dəyişməz olaraq qalacaq.