
TBİLİSİ, 27 mart. TELEQRAF
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Avstriyaya səfəri çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Görüşdə Gürcüstanın işğal olunmuş bölgələrində vəziyyət müzakirə olunub. Baş katib işğal olunmuş ərazilərdəki mövcud vəziyyət və son hadisələrlə maraqlanıb. XİN baçısı Cenevrə danışıqları formatı və prosesdə ATƏT-in də iştirakının, eləcə də münaqişənin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.
Tərəflər regiondakı mövcud vəziyyət, təhlükəsizlik çağırışları və onların aradan qaldırılması yollarını da müzakirə ediblər. Regionun davamlı sabitliyinə və gələcək inkişafına nail olmaq üçün beynəlxalq hüquq prinsiplərinə riayət olunmanın zəruriliyi qeyd olunub.
Söhbət zamanı təşkilatın münaqişələrin həllində və ATƏT çərçivəsində sülhün təmin edilməsində mühüm roluna toxunulub.
Tərəflər Gürcüstanla ATƏT arasında müxtəlif sahələrdə əməkdaşlığı da nəzərdən keçiriblər.
Sonda XİN başçısı ATƏT-in Baş katibini Gürcüstana dəvət edib. F.Sinirlioğlu öz növbəsində ilk fürsətdə Gürcüstana səfər edəcəyini bildirib.