BAKI, 22 sentyabr. TELEQRAF
Litva Seymi ölkədə kütləvi qırğın, o cümlədən nüvə silahlarının və xarici hərbi bazaların yerləşdirilməsinə qoyulan qadağanın ləğvini nəzərdə tutan Konstitusiya dəyişikliyini təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə LRT məlumat yayıb.
Layihənin lehinə 99 deputat səs verib, 13 deputat əleyhinə çıxıb, 5 deputat isə bitərəf qalıb.
Konstitusiya dəyişikliyinin qəbul edilməsi üçün daha iki səsvermə keçirilməlidir: birincinin oktyabrın 6-da, yekun səsvermənin isə 2027-ci il yanvarın 12-də keçirilməsi nəzərdə tutulur. Layihənin qəbul edilməsi üçün 141 deputatdan ən azı 94-nün dəstəyi tələb olunur.
“Vətən İttifaqı - Litva Xristian Demokratları” partiyasının sədri, keçmiş milli müdafiə naziri Laurinas Kaşçünas bəyan edib ki, nüvə silahı Rusiyanın qarşısını almağın ən effektiv vasitələrindən biridir: “Ruslar güclülərə hücum etmirlər. Biz regionda bu məhdudiyyətə malik yeganə ölkəyik. Latviyalıların belə bir məhdudiyyəti yoxdur, estonların yoxdur, polyakların yoxdur, finlər isə bundan yenicə xilas olublar”.
Seymin Xarici Əlaqələr Komitəsinin sədri Remiqiyus Motuzas da vurğulayıb ki, Litva Rusiyanın nüvə çəkindirməsi üçün maneələr yaratmamalı və regionda NATO-nun zəif halqasına çevrilməməlidir. O əlavə edib ki, Konstitusiyaya dəyişiklik respublikaya qarşı hərbi təcavüz riskini azaldacaq ən güclü siqnallardan biri olacaq.
NATO-nun şərq cinahında yerləşən ölkələrdə nüvə silahlarının yerləşdirilməsi ilə bağlı müzakirələr Fransa Prezidenti Emmanuel Makronun mart ayında irəli sürdüyü nüvə çəkindirməsi üzrə yeni Avropa modeli təklifi fonunda qızışıb. İdeya ondan ibarətdir ki, müttəfiqlər Fransa istehsalı olan “Rafale” strateji qırıcılarını müvəqqəti olaraq öz ərazilərində yerləşdirə və onların istifadəsi üçün hava məkanı təmin edə bilərlər.
Litva hakimiyyəti iyun ayında ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsi ilə bağlı danışıqlar apardığını təsdiqləyib. “Financial Times” yazmışdı ki, söhbət ABŞ-nin strateji bombardmançı təyyarələrindən gedir. Kreml buna cavab olaraq, Litvaya Rusiyanın nüvə silahları üçün hədəf olacağı barədə xəbərdarlıq edib.