BAKI, 22 sentyabr. TELEQRAF

“Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dayandırmasına dair heç bir işarə yoxdur”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın nümayəndələrinin Moskvaya səfərləri də nəticə verməyib:

“Rusiya Prezidenti Vladimir Putin Trampın nümayəndələrinə hər dəfə təkrarladığı fikri bildirib: “Donbası almayana qədər müharibəni dayandırılmayacaq”. Ancaq Rusiyanın hazırkı şərtlər daxilində bütün Donbasın işğalını həyata keçirməsi mümkünsüz görünür. Rusiya cəbhədə verdiyi itkilərin yerini doldurmaqda çətinlik çəkir.

Bu arada, Rusiyanın Ukrayna ilə yanaşı, NATO ölkələrindən birinə raket və dron hücumu həyata keçirəcəyinə dair müzakirələr genişlənib. Kreml belə bir addım atarsa, bu, müharibənin daha geniş məkana yayılmasına səbəb olacaq. NATO ölkələri Rusiyanın nüvə silahından istifadə edə biləcəyi ehtimalını da hesablamağa çalışırlar. Finlandiya Prezidenti Aleksandr Stubb bir müddət əvvəl Çinin Helsinkiyə Rusiyanın nüvə silahından istifadəsinin qarşısını alacağına dair zəmanət verdiyini açıqlamışdı: “Bu yay Çin xarici işlər naziri Van Yi ilə görüşdə Rusiyanın nüvə silahından istifadə məsələsini qaldırdım. O bildirdi ki, Çin buna heç vaxt icazə verməyəcək. Fikrimcə, bu, kifayət qədər yaxşı maneədir”.

Stubbun sözlərinə görə, Rusiya avropalıları gərginlik içində saxlamaqdan, onları nüvə eskalasiyası və ya NATO-ya birbaşa hücum ehtimalı barədə düşünməyə məcbur etməkdən faydalanır. Stubb Avropanın sakit və təmkinli qalmalı olduğunu vurğulayıb: “Rusiya istəyir ki, biz - avropalılar burada oturub Rusiyanın müharibəni genişləndirib-genişləndirməyəcəyini, nüvə silahından istifadə edib-etməyəcəyini və NATO-ya, yaxud Avropaya hücum edib-etməyəcəyini düşünək”.

Politoloq hesab edir ki, Finlandiya Prezidenti haqlıdır:

“Kreml Avropa İttifaqını və NATO-nu test etməyə çalışır. Rusiya-Ukrayna müharibəsi dövründə dronların Avropa ölkələrinin hava məkanına daxil olması halları az deyil. Rusiyanın Ukrayna-Polşa qatarını hədəfə alması da Kremlin gələcək planlarından xəbər verir. Bu vəziyyət NATO ölkələri ilə yanaşı, Rusiyanın tərəfdaşları olan Belarus və Çini də narahat etməmiş deyil. Ancaq Minsk və Pekin Kremlin qərarlarına təsir etmək gücünə malik deyil. Bu baxımdan, Çin xarici işlər nazirinin Finlandiya Prezidentinə “Rusiya nüvə silahından istifadə etməyəcək” açıqlamasından da rahat olmağa dəyməz”.