BAKI, 9 iyun. TELEQRAF
“Ermənistan xalqı Rusiyanın güclü təzyiqinə baxmayaraq, Avropa gələcəyinin lehinə seçim etdi”.
Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
İyunun 7-də Ermənistanda keçirilən seçkilərə toxunan Aİ-nin baş diplomatı ölkə vətəndaşların yüksək iştirak səviyyəsini müsbət qiymətləndirib. Kallas həmçinin Avropa İttifaqının Ermənistanın gələcək yolunda hər cür dəstək verməyə hazır olduğunu vurğulayıb.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, hakim “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,825 faizini toplayıb. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,281 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,934 faiz səs alıb. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası 3,996 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib.