BAKI, 7 noyabr. TELEQRAF
ABŞ-nin Florida ştatının qubernatoru Ron DeSantis 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumatlı mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, DeSantis Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq niyyətindədir. O, artıq ən azı bir siyasi məsləhətçiyə seçki kampaniyasına qoşulmaq təklifi göndərib. Qubernatoru dəstəkləyən siyasi komitə isə kampaniya üçün vəsait toplamağa başlayıb.
DeSantisin tərəfdarları bildiriblər ki, noyabrın 3-də keçirilən aralıq seçkilərində respublikaçıların uğursuz nəticələrindən sonra qubernator yenidən prezidentliyə namizəd olmaq imkanını nəzərdən keçirib.
Məlumata əsasən, respublikaçılar Konqresin hər iki palatasına nəzarəti itiriblər. Florida isə partiyanın mövqelərini qoruduğu ştatlardan biri olub.
Qeyd edək ki, DeSantis 2024-cü il prezident seçkiləri ərəfəsində də namizədliyini irəli sürmüş, lakin sonradan seçki mübarizəsindən çəkilərək Donald Trampı dəstəkləmişdi.
Tramp daha əvvəl vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionu prezidentlik müddəti başa çatdıqdan sonra ölkəni idarə etmək üçün münasib namizədlər kimi qiymətləndirib. O, Vens və Rubio tandeminin 2028-ci il seçkilərində güclü nəticə göstərə biləcəyinə inandığını bildirib.
Vens də 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürmək ehtimalını istisna etməyib.