
BAKI, 1 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskini bu həftə imzalanması gözlənilən faydalı qazıntılar üzrə sazişdən uzaqlaşmağa çalışmaqda ittiham edib.
Teleqraf xəbər verir ki, o, Ukrayna prezidentini müqaviləni imzalamayacağı təqdirdə böyük problemlərlə hədələyib.
“O, NATO-nun üzvü olmaq istəyir. Amma heç vaxt NATO-nun üzvü olmayacaq. Bunu başa düşür. Ona görə də müqaviləni yenidən müzakirə etmək istəsə, böyük problemləri olacaq. Biz artıq faydalı qazıntılar üzrə razılaşma əldə etmişik, amma indi o deyir ki, mən müqaviləni yenidən müzakirə etmək istəyirəm”, - Tramp bildirib.
"CNN"in məlumatına görə, Ukrayna son günlər müqavilənin şərtlərinin ciddi şəkildə dəyişdiyini bəyan edib. Zelenskinin sözlərinə görə, müzakirələri davam edən sazişin şərtləri daim dəyişir, amma ümumilikdə Ukrayna gələcək razılaşmaya müsbət yanaşır.