
BAKI, 18 mart. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin atəşkəsə razılıq verməzdən əvvəl Ukraynadan daha çox güzəşt tələb edə bilər.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Rusiyadakı keçmiş səfiri Maykl Makfol deyib.
“İndiyədək ABŞ Prezidenti Donald Tramp Rusiyaya lazım olan güzəştləri edib. Tramp artıq bəyan edib ki, Ukrayna ərazilərindən imtina etməlidir və NATO-ya üzv ola bilməz. Bundan əlavə, o, Amerikanın Ukraynaya sülhməramlı kontingent göndərməyəcəyini vurğulayıb. Bütün bunlar, o cümlədən hərbi yardım və kəşfiyyat məlumatlarının verilməsinin dayandırılması Ukraynaya ağır zərbə oldu.
Top indi Putinin meydançasındadır və o, atəşkəs razılaşmasına imza atsa, təəccüblənmərəm, çünki bunun müqabilində çox şey alıb”, - diplomat bildirib.
Makfolun fikrincə, Rusiyaya güzəştə getmək onu dayandırmayacaq: “Siz əvvəlcə ruslara hər şeyi verib, sonra da bunun müqabilində xoş niyyət gözləmək olmaz. Bu, onlarla işləmir. Ruslar sizin güzəştlərinizi mənimsəyib daha çox tələb edirlər. Narahatlığım budur ki, Putin əvvəlki güzəştləri cibinə atdığı üçün daha çox şey istəyir”.
Sabiq səfir qeyd edib ki, Tramp uzunmüddətli danışıqlarda maraqlı deyil. Ağ Ev lideri bu məsələdə öz qələbəsini elan etmək üçün yalnız müvəqqəti atəşkəs istəyir.