
BAKI, 17 mart. TELEQRAF
ABŞ Dövlət katibi Marko Rubio Prezident Donald Trampın Ukraynada müharibəyə son qoymaq üçün A və B planlarını açıqlayıb.
Teleqraf xəbər verir ki, o, müharibənin dayandırılmasının çətinliyini də bildirib.
“Bu, çətin, üç ildir davam edən müharibədir. Amma bizim bununla bağlı A və B planlarımız var. A planı atəşi dayandırmaqdır, bundan sonra ikinci mərhələyə - B planına keçə bilərik. Bu da hər kəsi danışıqlar masası ətrafında toplamaq və bu müharibəni əbədi olaraq bitirmək üçün bir yol tapmaqdan ibarətdir”, - Rubio deyib.
Onun sözlərinə görə, ikinci hissə asan olmayacaq:
“Amma biz birinci hissəni keçməyincə buna nail ola bilməyəcəyik. Onlar bir-birlərinə atəş açarkən müharibənin dayandırılması ilə bağlı razılaşmaq çətindir, ona görə də Prezident Tramp atəşkəs istəyir. Bunu edə biləcəyimizi düşünərək, üzərində işləyirik. Bu, özlüyündə asan olmayacaq. Çox gərgin iş, hər iki tərəfdən güzəştlər tələb edəcək, amma bu, baş verməlidir”.