
BAKI, 26 fevral. TELEQRAF
Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa ölkələri Ukraynada atəşkəsə zəmanət vermək üçün qoşun göndərməyə hazırdırlar.
Teleqraf xəbər verir ki, bu barədə Fransanın maliyyə naziri Erik Lombard bildirib.
“Ukraynada atəşkəs istəyirik. Düşünürəm ki, bütün tərəflər getdikcə buna daha çox can atırlar. Bu, Vaşinqtonda müzakirə etdiyimiz məsələlərdən biridir. İrəliləyiş əldə etmişik. Çünki Trampla anlaşdığımızı düşünürəm. Biz atəşkəs və Avropa ölkələrinin ABŞ-nin dəstəyi ilə buna zəmanət verməsini istəyirik”, - o vurğulayıb.
Lombardın sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp da bununla razıdır:
“Əlbəttə, qarşıda gedilməli olan çox yol var, çünki bu, Zelenski və Putinin müzakirə etməli olduğu bir məsələdir, amma Avropa və Amerika da kömək edə bilər”.
Nazir əlavə edib ki, hazırda Ukrayna ilə bağlı texniki müzakirələr gedir:
“Razılaşmışıq ki, Ukraynada atəşkəsə zəmanət vermək üçün Avropa qoşunlarına ehtiyac var. Böyük Britaniya, Almaniya və Fransa artıq buna hazırdır. Digər Aİ ölkələri də öz töhfələrini verəcəklər. Qoşunlar atəşkəsdən sonra ona əməl olunmasına zəmanət üçün gələcəklər”.