BAKI, 26 fevral. TELEQRAF

Avropa ölkələri Ukraynaya müdafiə yardımı göstərmək üçün böyük məsuliyyət daşıyacaqlar, bu, xüsusilə hava hücumundan müdafiə sistemlərinə aiddir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Ağ Evdə jurnalistlərlə söhbətində ABŞ prezidentinə gələcəkdə, xüsusən də Vaşinqton və Kiyevin Ukraynanın mineral ehtiyatları ilə bağlı müqavilə imzalamasından sonra Ukraynaya hərbi yardım edib-etməyəcəyi soruşulub.

“Avropa bunun üçün böyük məsuliyyət daşıyacaq”, - Amerika lideri bildirib.

Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsində Amerikadan kömək istəməsi ilə bağlı suala Tramp cavab verib ki, danışıqlar davam edir:

“Bunun (Ukraynanın təhlükəsizlik zəmanətləri) problem olacağını düşünmürəm, çoxları buna qoşulmaq istəyir. Mən Rusiya ilə danışmışam, görünür, bu, onlar üçün problem deyil, düşünürəm ki, bunu başa düşürlər”.

Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilməsi ilə bağlı suala Ağ Ev rəhbəri cavab verib ki, bu da ilk növbədə Avropanın məsuliyyəti olmalıdır. O, Ukrayna və Rusiya ilə çox yaxşı söhbətlər etdiyini bir daha vurğulayıb.