BAKI, 25 fevral. TELEQRAF

ABŞ Ukraynaya hərbi yardım etmək istəmir, bunu edən Avropa İttifaqına (Aİ) da mane ola bilər.

Teleqraf xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Mixail Jiroxov deyib.

“2023-cü ildə köməyə ehtiyacımız vardı, o zaman bu olsaydı, döyüş meydanında fərqli nəticələr olardı. İndi ABŞ ilə böyük problemlər fonunda Avropa yardımı ehtiyaclarımızı müəyyən dərəcədə ödəyə bilər, amma amerikalıların maneə törətdikləri istiqamətlərdə yox. Avropadan yardımla bağlı vəd olunan rəqəmlər böyükdür və gözə xoş gəlir, amma görək nəticə necə olacaq”, - ekspert qeyd edib.

Jiroxov əlavə edib ki, Vaşinqton Aİ-nin Kiyevə müəyyən silah növlərinin ötürülməsinə icazəni məhdudlaşdırmaqla Ukraynaya daha böyük ziyan vura bilər:

“Bu, hamının daha az danışmaq istədiyi, olduqca xoşagəlməz bir şeydir. Çünki Avropa silahlarının əksəriyyətində Amerika komponentləri var. İxrac və ya digər ölkələrə tədarük üçün isə ABŞ-nin icazəsi tələb olunur. İndiyədək bununla bağlı heç bir problem olmayıb. İndi Tramp tamamilə Rusiyanın tərəfini tutsa, Ukraynanı sülhə məcbur etməyə çalışsa, o zaman real problemlər yarana bilər”.