BAKI, 24 fevral. TELEQRAF

Təkcə Donald Tramp administrasiyasının yox, ABŞ-nin keçmiş hökumətinin də Ukraynanın NATO-ya üzv olmasına müsbət yanaşdığını düşünmürəm.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı yanaşmasını dəyişib-dəyişdirməyəcəyi sualına cavab verən Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Əvvəlki administrasiyanın (Co Bayden) da Ukraynanın NATO-ya qoşulmasının tərəfdarı olub-olmamasından əmin deyiləm. Ona görə də bu məsələdə yeni siyasətin olduğunu düşünmürəm”, - nazir bildirib.

Hakan Fidan Ukraynanın mümkün üzvlüyü ilə bağlı avropalı tərəfdaşlar və Kiyevlə müzakirə apardıqlarını söyləyib: “Anlamaq lazımdır ki, Ukrayna bunu təkcə NATO-ya üzv olmaq üçün yox, həm də öz ölkəsinin təhlükəsizliyini təmin etmək üçün istəyir”.

Xarici işlər naziri Ankaranın Ukraynanın mümkün NATO üzvlüyünə yanaşması ilə bağlı qeyd edib:

“Onların NATO-ya üzv olmaq istəkləri barədə heç nə deyə bilmərik, amma realist olmalıyıq. Bu, prezidentimiz (Rəcəb Tayyib Ərdoğan) tərəfindən açıqlanan rəsmi mövqeyimizdir”.