BAKI, 1 avqust. TELEQRAF
ABŞ Müdafiə Nazirliyi raket ehtiyatlarının bərpası məqsədilə Konqresdən 18,2 milyard dollar vəsait ayrılmasını istəyib.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, bu məbləğ Pentaqonun Konqresə təqdim etdiyi əlavə 67 milyard dollarlıq ümumi maliyyə sorğusunun tərkib hissəsidir.
Bildirilir ki, 18,2 milyard dollar ABŞ ordusunun təhlükəli dərəcədə azaldığı qiymətləndirilən raket və sursat ehtiyatlarının artırılmasına sərf olunacaq.
Vəsaitin təxminən 5,75 milyard dollarının THAAD raketdən müdafiə sistemləri üçün raketlərə, 5,57 milyard dollarının “Patriot” zenit-raket kompleksləri üçün raketlərə, 1,9 milyard dollarının isə SM-6 raketlərinə ayrılması planlaşdırılır.
Bundan əlavə, Pentaqon “Tomahawk” qanadlı raketləri və ABŞ-nin İrana qarşı hərbi əməliyyat zamanı ilk dəfə istifadə etdiyi “Precision Strike Missile” qısamənzilli ballistik raketlərini də satın almağı nəzərdə tutur.
Bundan əvvəl “The New York Times” yazmışdı ki, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Mərkəzi Komandanlığın (CENTCOM) İrana qarşı genişmiqyaslı əməliyyatları bərpa edəcəyi təqdirdə raket ehtiyatlarının təhlükəli həddə enə biləcəyi barədə xəbərdarlıq edib. Prezident Donald Tramp isə bu məlumatı təkzib edərək ABŞ ordusunun kifayət qədər sursata malik olduğunu bildirib.