BAKI, 31 iyul. TELEQRAF

Vaşinqtonun müttəfiqləri İranla müharibədə ABŞ-yə birbaşa hərbi dəstək verməyə hazır deyillər.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” diplomatik mənbələrə istinadla məlumat yayıb.

“Amerikanın dünya üzrə bir çox müttəfiqi daha çox İranla müharibənin başa çatmasını gözləməyə üstünlük verir. Halbuki ABŞ Prezidenti Donald Trampın administrasiyası müharibənin sürətlə nəzarətdən çıxmasının qarşısını almaq üçün onların yardımına ehtiyac olduğunu bildirir. Avropa və Asiya diplomatlarının sözlərinə görə, onların ölkələri Vaşinqton və Tehran qarşılıqlı atəşi dayandırmaq barədə razılığa gəlməyənə qədər öz vətəndaşlarının təhlükəsizliyini riskə atmaq istəmirlər”, - nəşr vurğulayıb.

Qeyd edilib ki, ABŞ-nin ənənəvi tərəfdaşları uzunmüddətli atəşkəs və ya Vaşinqton tərəfindən veriləcək digər təminatlar əldə olunana qədər hansısa birbaşa dəstəkdən çəkinirlər. Mənbələrindən biri deyib ki, onun ölkəsi ABŞ-nin Baltikyanı dövlətlərdə hərbi mövcudluğunu gücləndirməyə razılıq verəcəyi təqdirdə, Vaşinqtonu İranla müharibədə daha fəal şəkildə dəstəkləməyə hazırdır.