BAKI, 1 avqust. TELEQRAF

Bu gün Bakıda keçirilən U-17 dünya güləş çempionatında Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq.

Teleqraf xəbər verir ki, yarışın 6-cı günündə Hüseyn Rzazadə (48 kq) təsəlliverici görüşdə iranlı Amirali Fazl ilə qarşılaşacaq.

Təsnifat mərhələsində 71 kq çəki dərəcəsində Tunar Quliyev Qazaxıstan təmsilçisi Adilet Risbayla, 92 kq-da isə Elgün Kərimli Hindistan güləşçisi Sakşam Fnu ilə üz-üzə gələcək.

1/8 finalda 45 kq-da mübarizə aparan Tunar Həsənov Bolqarıstandan R.Velikov və ya Monqolustandan Ariun Erdenetuqsla qarşılaşacaq. 51 kq-da İbrahim Həsənov Kanada təmsilçisi Qaurav Bahi və ya Gürcüstandan Giorgi Narimanidze ilə, 60 kq-da isə Elcan Həsənov Macarıstandan Balaj Hideq və ya Polşadan Vitold Pavliklə güləşəcək.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medal qazanıblar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 pəhləvanla təmsil olunur.