BAKI, 29 iyul. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə səfəri zamanı amerikalı konqresmenləri Ukraynanın Rusiya ilə müharibədə uğur qazana biləcəyinə inandıra bilib.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” qapalı görüşdə iştirak edən senatorlara istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, Zelenski bir il əvvəl mümkünsüz görünən bir uğura imza ataraq, Vaşinqtonu Kiyevin bu müharibədə qalib gələ biləcəyinə inandıra bilib.

Görüşdə əsas müzakirə mövzuları Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi, Ukraynaya hərbi yardımın artırılması və mümkün sülh danışıqlarının perspektivləri olub.

ABŞ senatoru Mayk Raunds görüşdən sonra deyib ki, Zelenskinin fikrincə, yeni sanksiyalar Ukraynanın döyüş meydanındakı uğurlarını möhkəmləndirə və Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa məcbur edə bilər:

“Bütün proqram Putini danışıqlar masasına gətirməyə yönəlib”.

Volodimir Zelenski görüşdə Ukraynaya hərbi dəstəyin genişləndirilməsinin vacibliyini də vurğulayıb. Müzakirələr zamanı “Patriot” hava hücumundan müdafiə sistemləri üçün PAC-3 raketlərinin və digər avadanlıqların tədarükü, bu raketlərin istehsalı üzrə lisenziyaların verilməsi, həmçinin Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün “Starlink” peyk rabitəsinə fasiləsiz çıxışın təmin edilməsi məsələləri gündəmə gəlib.

Senator Con Buzman isə Vaşinqtonda Kiyevə münasibətin dəyişməsini Ukrayna ordusunun cəbhədə əldə etdiyi uğurlarla əlaqələndirib.

Nəşr Konqresdə Rusiya neftini alan ölkələrə qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinə dəstəyin artdığını da qeyd edib. Bu təşəbbüsün müəllifi, senator Lindsi Qremin gözlənilməz ölümü, Zelenskinin Vaşinqtona səfəri və müharibənin gedişində baş verən dəyişikliklər buna yeni impuls verib.

Bununla belə, qanun layihəsinin hələ təsdiq prosedurlarından keçməli olduğu, Ağ Evin yekun mövqeyinin hələlik bəlli olmadığı vurğulanıb. Nəşr əlavə edib ki, Kiyevlə Vaşinqton arasında münasibətlərdə müsbət dinamika müşahidə olunsa da, sanksiyalar paketinin qəbul prosesi Nümayəndələr Palatasındakı müzakirələr səbəbindən uzana bilər.