BAKI, 1 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətinin sonunadək Qrenlandiyanın Vaşinqtonun operativ nəzarətinə keçə biləcəyini istisna etməyib.

Teleqraf xəbər verir ki, Tramp bunu “Real America's Voice” telekanalına müsahibəsində bildirib.

Aparıcı Stiv Qruber daha əvvəl Qrenlandiyanın Trampın ikinci prezidentlik dövründə ABŞ-nin operativ nəzarətinə keçəcəyini proqnozlaşdırdığını xatırladıb.

“Əgər buna mərc etmisinizsə, haqlı çıxacaqsınız. Qrenlandiya çox vacibdir. Belə bir mərc etməyə dəyər”, – Tramp cavabında deyib.

Qeyd edək ki, Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazidir. Vaşinqton və Kopenhagen 1951-ci ildə NATO çərçivəsindəki müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın müdafiəsinə dair müqavilə imzalayıblar. Sənədə əsasən, ABŞ adanın mümkün xarici təcavüzdən müdafiəsi ilə bağlı öhdəlik götürüb.

Donald Tramp bundan əvvəl də Qrenlandiyanın ABŞ-nin təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıdığını dəfələrlə bildirib.