BAKI, 1 avqust. TELEQRAF

ABŞ hərbçiləri İran limanlarının dəniz blokadasının bərpasından sonra 30 kommersiya gəmisini marşrutunu dəyişməyə məcbur edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

“İyulun 31-nə olan məlumata görə, CENTCOM blokadaya tam əməl olunmasını təmin etmək məqsədilə 30 kommersiya gəmisinin istiqamətini dəyişdirib, iki gəmini sıradan çıxarıb və daha iki gəmiyə qüvvələr yerləşdirib”, – məlumatda bildirilib.

CENTCOM-un açıqlamasına görə, humanitar yardımın çatdırılması məqsədilə təxminən 30 gəminin keçidinə icazə verilib.

Komandanlıq həmçinin Yaxın Şərq regionunda hazırda 20-dən çox ABŞ hərbi gəmisinin olduğunu bildirib.

Qeyd edək ki, ABŞ iyulun 14-də İranın dəniz blokadasını yenidən tətbiq edib.