BAKI, 29 iyul. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ evdə keçirdiyi görüşdə Rusiyanın ballistik raket hücumlarından müdafiə olunmaq üçün təcili “qış paketi” çərçivəsində 300 ədəd “Patriot” raketinin verilməsini xahiş edib.
Teleqraf xəbər verir ki, bu barədə o, “Axios”a müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, Ukraynanın “Patriot” ehtiyatları demək olar, tükənib, qışa qədər əlavə raketlər alınmasa, Rusiyanın zərbələri elektrik stansiyalarını sıradan çıxara, milyonlarla insanı istiliksiz qoyaraq humanitar fəlakətə səbəb ola bilər.
Prezident qeyd edib ki, Tramp Ukraynaya “Patriot” raketlərinin istehsalı üçün lisenziyaların verilməsi istiqamətində işi davam etdirməyə razılıq verib.
Zelenski bildirib ki, Ağ Evdəki görüşdən sonra “Lockheed Martin” və “Raytheon” şirkətlərinin nümayəndələri ilə görüşərək bu məsələni müzakirə edib.
Dövlət başçısının sözlərinə görə, hətta lisenziyalar alınsa belə, böyük həcmdə “Patriot” raketlərinin istehsalı bir ildən beş ilədək vaxt apara bilər və bu, Ukraynanın ehtiyaclarını qarşılamır:
“Bizə Patriot sistemləri dünəndən lazımdır”.
O əlavə edib ki, Rusiya hər irimiqyaslı hücum zamanı 30-40 ballistik raketdən istifadə edir və ay ərzində belə hücumlar üç-beş dəfə təkrarlanır.
Zenski vurğulayıb ki, Tramp bu məsələdə kömək etməyə çalışacağına söz versə də, İranla münaqişə səbəbindən ABŞ-nin də bu raketlərə ehtiyacı olduğunu söyləyib.