BAKI, 29 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahuya əvvəlki görüşlərlə müqayisədə daha soyuq münasibət göstərib.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumatlı mənbələrə istinadla yazıb.
Mənbələrin bildirdiyinə görə, Netanyahu bir neçə ay ərzində Trampla görüşə nail olmağa çalışıb. Nəhayət Vaşinqtona səfər etdikdə isə əvvəlki səfərlərində olduğu kimi yüksək nüfuz və təsir imkanlarına malik olmayıb.
Nəşrin yazdığına əsasən, İsrailin İrana qarşı hərbi əməliyyatının uzanması Trampın Netanyahuya münasibətinə təsir göstərib. Bildirilib ki, əməliyyatlar ABŞ Prezidentinin gözlədiyindən xeyli uzun çəkib və Netanyahu Vaşinqtona gəlməzdən əvvəl Tramp yaxın ətrafı ilə söhbətlərində İsrail Baş nazirindən narazılığını ifadə edib.
Bununla belə, Tramp “Truth Social”da Netanyahu ilə “çox yaxşı görüş” keçirdiyini və onunla çoxlu sayda mühüm məsələni müzakirə etdiyini bildirib.
Netanyahu isə “Fox News”a müsahibəsində baş tutan danışıqları Trampla indiyədək keçirdiyi “ən yaxşı görüşlərdən biri” kimi dəyərləndirib.