BAKI, 1 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp zarafatla ölkənin növbəti prezidenti olmaq istədiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bunu “Real America's Voice” telekanalına müsahibəsində deyib.

“Mən deyirəm ki, prezident postunu tutacaq növbəti şəxs olmaq istərdim. Çünki növbəti prezident superdahi kimi görünəcək: zavodlar açılacaq, iş yerləri yaranacaq, ölkə bərpa olunacaq və bütün bunları onun uğuru kimi təqdim edəcəklər”, - Tramp bildirib.

ABŞ qanunvericiliyinə əsasən, Trampın ikinci prezidentlik müddəti 2029-cu ilin yanvarında başa çatmalıdır. 1951-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına 22-ci düzəliş bir şəxsin prezident vəzifəsinə iki dəfədən artıq seçilməsini məhdudlaşdırır.

Bununla belə, Tramp bundan əvvəl də üçüncü müddətə prezident seçkilərində iştirak etmək ehtimalını dəfələrlə gündəmə gətirib.

Donald Tramp 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisi məğlub edərək ikinci dəfə Ağ Evə qayıdıb. O, ilk dəfə 2017-2021-ci illərdə ABŞ prezidenti olub.