BAKI, 1 avqust. TELEQRAF

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması ilə bağlı layihədən imtina etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, İnfantino bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, layihə FİFA-ya üzv milli assosiasiyaların inkişafını dəstəkləmək və dünya futboluna əlavə maliyyə imkanları yaratmaq məqsədi daşıyırdı. Lakin geniş məsləhətləşmələrdən sonra təşəbbüsün təşkilat daxilində ciddi fikir ayrılığına səbəb olduğu qənaətinə gəlinib.

“Əvvəldən bildirmişdik ki, bu layihə yalnız FİFA-ya üzv assosiasiyaların əksəriyyətinin dəstəyi və bütün maraqlı tərəflərlə məsləhətləşmələrdən sonra həyata keçirilə bilərdi. Bütün rəyləri diqqətlə dinlədikdən sonra qərara gəldik ki, bu təklif artıq ilkin məqsədinə xidmət etmir. Məqsədimiz həmişə futbolu birləşdirmək və inkişaf etdirmək olub. Buna görə də layihə davam etdirilməyəcək”, - İnfantino qeyd edib.

O əlavə edib ki, yaxın günlərdə və həftələrdə futbolun gələcək inkişafını müzakirə etmək üçün milli assosiasiyalar, konfederasiyalar və digər maraqlı tərəflərlə yeni görüşlər keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF), Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) bu təşəbbüsə qarşı çıxmışdı.