BAKI, 29 iyul. TELEQRAF

ABŞ-də onlayn idman mərc şirkətlərinin aralıq seçkilərlə bağlı siyasi xərcləri azı 72 milyon dollara çatıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” seçki kampaniyalarının maliyyələşdirilməsinə dair son məlumatlara istinadən xəbər yayıb.

Məlumata görə, “DraftKings”, “FanDuel”, “Fanatics” və Britaniyanın “bet365” şirkəti vəsaitlərini “Win for America” adlı siyasi fəaliyyət komitəsinə yönəldib. “Public Citizen” təşkilatının hesablamalarına əsasən, idman mərc sektoru ABŞ-də aralıq seçkilərdə kriptovalyuta və texnologiya sektorlarından sonra üçüncü ən böyük korporativ donor olub.

Cari ikiillik seçki dövründə “DraftKings” azı 34 milyon, “FanDuel” 27 milyon, “bet365” və “Fanatics” isə hər biri 5,5 milyon dollar ianə edib. Bundan başqa, “DraftKings” digər siyasi komitələrə azı 1 milyon, “FanDuel” isə əlavə 2 milyon dollar ayırıb.

“Win for America” xüsusilə ştat səviyyəsində keçirilən seçkilərə böyük vəsait yönəldir. Gürcüstanda qumar oyunlarının leqallaşdırılması ilə bağlı qanun layihələrinin müzakirə edildiyi dövrdə təşkilat 34 yerli qanunvericilik yarışına 12 milyon dollardan çox vəsait sərf edib. Dəstəklənən namizədlərdən yalnız ikisi seçkidə qalib gələ bilməyib.

“Reuters” qeyd edir ki, açıqlanan 72 milyon dollarlıq məbləğ sektorun bütün siyasi xərclərini əhatə etmir. Federal hesabatlarda ştat seçkilərinə birbaşa xərclər və donorlarını açıqlamaq məcburiyyətində olmayan bəzi qeyri-kommersiya təşkilatlarına ayrılan vəsaitlər tam əks olunmur.

ABŞ Ali Məhkəməsinin 2018-ci il qərarından sonra ölkədə idman mərclərinin leqallaşdırılması sürətlənib. Hazırda 39 ştat və Kolumbiya dairəsində idman mərclərinin müəyyən formalarına icazə verilir, 33 ştatda isə onlayn idman mərcləri qanunidir.