BAKI, 1 avqust. TELEQRAF
Latviya texniki səbəblərə görə Belarusla sərhədini bağlayıb və vətəndaşlarını evə qayıtmaq üçün alternativ yollardan istifadə etməyə çağırıb.
Teleqraf xəbər verir ki, Baltikyanı respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Yanis Dombrava yazılı açıqlamasında qeyd edib: "Texniki səbəblərə görə Latviya ilə Belarus arasındakı sərhəd bağlıdır. Hələ Latviyaya qayıtmayanlardan başqa yollardan istifadə etmələrini xahiş edirik".
Belarus Dövlət Sərhəd Komitəsi Latviyanın sərhədi bağlaması ilə bağlı məlumatları təsdiqləməyib .
Nazir daha əvvəl Latviya vətəndaşlarını qonşu Belarusa səyahət etməkdən çəkinməyə çağırmışdı. Dombrava buna səbəb kimi Minskin hibrid müharibəsini göstərib. Asiya və Afrikadan olan qanunsuz miqrantlar müntəzəm olaraq Belarus ərazisindən Latviyaya girməyə cəhd ediblər. Latviya buna görə Belarusu ittiham edib.