BAKI, 1 avqust. TELEQRAF

ABŞ bu həftəsonu İranın Natanz yaxınlığında yerləşdiyi iddia olunan yeni nüvə obyektinə zərbələr endirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət Kolanq-Qaz-La dağı altında yerləşdiyi iddia edilən nüvə obyektindən gedir.

Telekanalın məlumatına əsasən, planlaşdırılan əməliyyatın miqyası və hədəflərin yekun siyahısı hələ dəqiqləşdirilməyib. Bununla belə, ABŞ Silahlı Qüvvələrinin həm İranın enerji infrastrukturuna, həm də nüvə obyektlərinə zərbələr endirməyə hazır olduğu bildirilir.

CNN qeyd edir ki, Vaşinqton İranın enerji obyektlərinin vurulmasının Tehranın Fars körfəzi ölkələrinə cavab zərbələri endirməsinə və qlobal enerji bazarında yeni sarsıntılara səbəb ola biləcəyindən ehtiyat edir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə daha əvvəl ABŞ Prezidenti Donald Trampın ölkəsində guya yeni nüvə obyektinin olması ilə bağlı iddialarını əsassız adlandırıb. O bildirib ki, Kolanq-Qaz-La dağı ətrafında nüvə fəaliyyəti aparılmır və Vaşinqtonun bu əraziyə diqqəti “təcavüz, dağıntı və təxribat üçün uydurulmuş bəhanədən başqa bir şey deyil”.