BAKI, 1 avqust. TELEQRAF

Seutaya keçməyə çalışarkən həyatını itirən 14 miqrantın cəsədi Mərakeşin şimalındakı Tetuan şəhər xəstəxanasının morquna aparılıb.

Teleqraf xəbər verir ki, bu barədə Tetuan xəstəxanasının məhkəmə-tibbi ekspertiza şöbəsindən məlumat verilib.

Bildirilib ki, ölən 14 miqrantdan yeddisinin şəxsiyyəti hələ müəyyənləşdirilməyib.

“Hespress” portalının məlumatına görə, həyatını itirənlərdən biri Yəmən vətəndaşı olan qadındır. İki nəfərin cəsədi zəruri məhkəmə-tibbi və inzibati prosedurlar başa çatdıqdan sonra yaxınlarına təhvil verilib.

İyulun 30-da minlərlə miqrant Mərakeşlə sərhəddə yerləşən İspaniyanın Seuta muxtar şəhərinə dəniz yolu ilə və sərhəddəki dalğaqıranı keçərək daxil olmağa çalışıb.

Seuta rəsmiləri miqrantların sayının təxminən 60 min olduğunu açıqlayıb. Yerli medianın məlumatına görə, İspaniya Daxili İşlər Nazirliyi şəhərə 50 min nəfərin daxil olduğunu, onlardan təxminən 37,5 mininin Mərakeşə geri qayıtdığını bildirib.

Son məlumatlara əsasən, Seutaya çatmağa çalışan azı 57 nəfər həyatını itirib.