BAKI, 1 avqust. TELEQRAF
"OpenAI" şirkəti süni intellekt agentlərinin nəzarətdən çıxması ilə bağlı əlavə halları aşkarlayıb və araşdırmanı genişləndirib.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məsələ ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, yeni hallar "OpenAI"ın bu ay “Hugging Face” şirkətində baş vermiş kiberinsidentlə bağlı başladığı daxili araşdırma zamanı üzə çıxıb. Mənbələrin sözlərinə görə, sözügedən agentlərin nəzarətdən çıxması məhdud xarakter daşıyıb və onların heç birinin "OpenAI"ın daxili şəbəkəsindən kənara çıxdığına dair əlamət müəyyən edilməyib.
"OpenAI" sözçüsü isə şirkətin daha əvvəl yaydığı açıqlamaya istinad edərək bildirib ki, araşdırma yalnız “Hugging Face” hadisəsi ilə məhdudlaşmır və “modellərin daha geniş fəaliyyətini” də əhatə edir.
“Reuters” yazır ki, araşdırmanın genişləndirilməsi "OpenAI"ın əsas rəqibi olan “Anthropic” şirkətinin də öz süni intellekt modellərinin aprel ayından etibarən üç müxtəlif şirkətdə təhlükəsizlik pozuntularına səbəb olduğunu açıqlamasından əvvəl başlayıb.
Kembric Universitetinin Ekzistensial Risklərin Araşdırılması Mərkəzinin əməkdaşı Moris Kiodo bildirib ki, son açıqlamalar qabaqcıl süni intellekt laboratoriyalarının avtonom kiberhücum imkanları yaradan sistemləri onları təhlükəsiz idarə etmək bacarığından daha sürətlə inkişaf etdirdiyini göstərir.
“Bu alətləri hazırlayan və istifadəyə verən şirkətlər onların təhlükəsizliyini təmin etmək sahəsində eyni templə irəliləyə bilmirlər”, - o qeyd edib.
"OpenAI"ın araşdırma zamanı neçə belə hadisə aşkarladığını, onların nə vaxt və hansı şəraitdə baş verdiyini dəqiqləşdirə bilməyib. Mənbələr bildirib ki, şirkət və müstəqil ekspertlər ilin əvvəlindən toplanmış jurnal (log) məlumatlarını təhlil edərək hadisələrin gedişatını araşdırırlar.