BAKI, 1 avqust. TELEQRAF

İspaniyanın “Real Madrid” klubu braziliyalı futbolçu Vinisius Juniorun gələcəyi ilə bağlı qəti mövqe sərgiləyib.

Teleqraf “Marca”ya istinadən xəbər verir ki, La Liqa təmsilçisi hücumçunun nümayəndələrinə müqavilənin uzadılması ilə bağlı son təklifin olduğunu çatdırıb.

“Real” maaşı artırmayacaq və yeni danışıqlar mərhələsinə keçməyəcək. Vinisius təklif olunan şərtlərlə razılaşarsa, müqaviləsini uzadacaq. Əks halda isə Madrid təmsilçisi onun bu yay transferinə razılıq verməyə hazırdır.

Bildirilir ki, “kral klubu” futbolçunun müqaviləsinin son ilinə daxil olmasını və gələcəkdə onu sərbəst agent kimi itirmək riskini qəbul etmək istəmir. Rəhbərlik hesab edir ki, Vinisiusun son illərdəki çıxışı yüksək qiymətləndirilməlidir, lakin klub heç bir futbolçu naminə maaş siyasətini dəyişmək niyyətində deyil.

“Arsenal”ın Vinisiusla maraqlanması da “Real” rəhbərliyinin bu məsələdə daha sərt mövqe tutmasına səbəb olub. Bundan əlavə, komandaya Diomandenin mümkün transferinin baş tutacağı halda, braziliyalının əsas heyətdəki yerinin də zəmanətli olmayacağı qeyd edilir.

Qeyd edək ki, daha əvvəl başqa bir mənbə “Arsenal”ın Vinisiusla müqavilə imzaladığı barədə iddia yaymışdı. Lakin həmin məlumat rəsmi təsdiqini tapmayıb.