BAKI, 1 avqust. TELEQRAF
ABŞ Müdafiə Nazirliyi döyüş bölgələrində mülki əhalinin qorunmasına cavabdeh olan əməkdaşların bir hissəsini yenidən işə qaytarmağı nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “The Atlantic” jurnalı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, müdafiə naziri Pit Heqsetin ABŞ ordusunun səmərəliliyinin artırılması və hərbi əməliyyatlarda məhdudiyyətlərin azaldılması siyasəti çərçivəsində Pentaqonun mülki əhalinin müdafiəsi ilə məşğul olan idarəsində geniş ixtisarlar aparılıb.
Bildirilib ki, İranda, o cümlədən fevralın sonunda Minab şəhərində məktəbə endirilən zərbə nəticəsində mülki itkilərin baş verməsi Heqseti bu siyasətə yenidən baxmağa vadar edə bilər.
Mənbələrin sözlərinə görə, Pentaqon ixtisar edilmiş ştatların təxminən yarısının bərpasını nəzərdən keçirir. Müvafiq qərarın hazırda müdafiə naziri Pit Heqsetin imzasını gözlədiyi qeyd olunur.
Daha əvvəl “Politico” yazmışdı ki, son bir ildə Pentaqonun döyüş bölgələrində mülki itkilərin qarşısının alınması ilə məşğul olan idarəsinin əməkdaşlarının sayı təxminən 200 nəfərdən 90 faiz azaldılıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) analoji strukturunda isə 10 əməkdaşdan yalnız biri qalıb.