BAKI, 31 iyul. TELEQRAF

İlon Maskın Donald Trampı dəstəkləyən “America PAC” siyasi fəaliyyət komitəsi noyabrda keçiriləcək Konqres seçkilərində respublikaçı seçicilərin fəallığını artırmaq üçün 120 milyon dollaradək vəsait xərcləməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, Mask proqram üçün 100-120 milyon dollar arasında vəsait ayrılmasına razılıq verib. Kampaniyanın azı səkkiz ştatı əhatə edəcəyi bildirilir.

“America PAC” “Reuters”ə açıqlamasında respublikaçı seçicilərin səsverməyə cəlb olunması kampaniyasında mühüm rol oynamağı planlaşdırdığını təsdiqləyib, lakin xərclənəcək vəsaitin dəqiq məbləğini açıqlamayıb.

Kampaniya çərçivəsində seçicilərlə qapı-qapı görüşlərin keçirilməsi, rəqəmsal reklamların yerləşdirilməsi və birbaşa poçt vasitəsilə təbliğatın aparılması nəzərdə tutulur.

Federal seçki maliyyəsi sənədlərinə əsasən, “America PAC” 2025-ci il yanvarın 1-dən indiyədək 52,3 milyon dollar xərcləyib. Komitə cari seçki dövründə 50,3 milyon dollar vəsait toplayıb ki, bunun təxminən 50 milyon dolları birbaşa Mask tərəfindən verilib.

“Reuters”in məlumatına görə, Mask aralıq seçkilərlə əlaqədar müxtəlif siyasi təşəbbüslərə ümumilikdə 85 milyon dollardan çox şəxsi vəsait ayırıb.

Planlaşdırılan kampaniya 2026-cı il aralıq seçkilərində kənar siyasi təşkilatlar tərəfindən həyata keçirilən ən böyük maliyyə təşəbbüslərindən birinə çevrilə bilər.