BAKI, 1 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Kiyev arasında faydalı qazıntılarla bağlı imzalanmış sazişin ABŞ-yə Ukraynada geniş imkanlar verdiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bunu amerikalı jurnalist Stiv Qruberə müsahibəsində deyib.

“Ukrayna nadir torpaq metalları ilə çox zəngindir. Bizim bununla bağlı imzalanmış müqaviləmiz var. İstənilən vaxt ora gedib, demək olar ki, istədiyimiz hər şeyi götürə bilərik. Bu, kifayət qədər yaxşı sövdələşmədir”, - ABŞ lideri bildirib.

Qeyd edək ki, Ukrayna Nazirlər Kabineti 2025-ci il mayın 1-də ABŞ ilə yeraltı sərvətlərə dair imzalanmış sazişin mətnini açıqlayıb. Sənədin şərtləri Ukraynada müzakirələrə səbəb olub.

Ukrayna Ali Radası mayın 8-də sazişi ratifikasiya edib, mayın 12-də isə Prezident Volodimir Zelenski ratifikasiya sənədini təsdiqləyib.