BAKI, 1 avqust. TELEQRAF
Portuqaliya hakimiyyəti İspaniyanın Seuta anklavında yaranmış kütləvi miqrasiya vəziyyəti fonunda sərhədlərdə nəzarəti gücləndirəcək.
Teleqraf xəbər verir ki, bunu Portuqaliyanın Baş naziri Luiş Monteneqru bildirib.
Onun sözlərinə görə, vəziyyət ciddi olsa da, Seutada Şengen zonasının digər ərazilərində olduğu kimi sərbəst hərəkət rejimi tətbiq edilmir.
“Vəziyyəti nə kiçiltmədən, nə də həddindən artıq təşviş yaratmadan ölkəmizin cənubundakı dəniz və quru sərhədlərində hüquq-mühafizə qüvvələrinin mövcudluğunu və nəzarətini gücləndirəcəyik”, – baş nazir deyib.
Monteneqru bildirib ki, Portuqaliya İspaniya və Mərakeşlə daimi təmasdadır və miqrantların geri qaytarılması prosesinin səmərəli həyata keçiriləcəyinə ümid edir.
Baş nazir İspaniyada yaranmış vəziyyətin miqrasiya sahəsində “tənzimlənən və humanist siyasət” aparılmasının vacibliyini göstərdiyini də vurğulayıb.
Qeyd edək ki, Seutaya kütləvi miqrant axını fonunda ABŞ-nin İspaniyadakı səfirliyi də ölkə vətəndaşlarına xəbərdarlıq edib.