BAKI, 31 iyul. TELEQRAF
ABŞ-nin İndiana ştatının məhkəməsi dəstənin tərkibində bir qadını qətlə yetirməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayan şəxsi 100 il müddətinə azadlıqdan məhrum edib.
Teleqraf xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
15 yaşlı Comaci Larri dəstə üzvləri ilə birlikdə 2025-ci ilin fevralında İndianapolis şəhərinin ətrafında yerləşən gecə klubunun yaxınlığında 26 yaşlı Dayla Sueyni güllələyərək öldürüb. Həmin hadisə zamanı daha bir qadın güllə yarası alıb, üçüncü qadını isə atışma yerindən uzaqlaşmağa çalışarkən avtomobil vurub.
Prokurorluğun məlumatına görə, Sueyn başqa bir qətl işinin şahidinə uğursuz sui-qəsd cəhdi zamanı güllələnərək öldürülüb. Larri Sueynin qətlinə görə 50 il, cinayətkar dəstənin üzvü olduğuna görə isə daha 50 il həbs cəzası alıb.
Larrinin əlaltıları - 19 yaşlı Raşan Samuels və Kayri Kraver eyni cinayətə görə müvafiq olaraq 125 il və 90 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların cəzalarının yarısı qətl, digər yarısı isə cinayətkar dəstənin üzvü olduqlarına görə təyin edilib.