BAKI, 12 yanvar. TELEQRAF

ABŞ-nin Missisipi ştatında yerləşən tarixi sinaqoqda baş verən yanğınla bağlı qəsdən yandırmada şübhəli bilinən şəxs saxlanılıb.

Teleqraf xəbər verir ki, hadisə yanvarın 11-nə keçən gecə, saat 03:00 radələrində "Beth Israel Congregation" sinaqoqunda qeydə alınıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğın nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerindən yayılan görüntülərdə sinaqoqun inzibati ofisində və kitabxanasında ciddi dağıntıların olduğu görünür. Məlumata əsasən, kitabxanada saxlanılan bir neçə Tövrat əlyazması ya tamamilə məhv edilib, ya da ciddi zərər görüb. Sinaqoqun üzvləri və rəhbərliyi binanın bərpa ediləcəyini açıqlayıb.

Şəhərinin meri John Horhn bildirib ki, FBI və Birgə Antiterror Qrupu ilə aparılan araşdırmalar nəticəsində şübhəli şəxs nəzarətə götürülüb. Mer saxlanılan şəxsin kimliyi və irəli sürülə biləcək ittihamlarla bağlı detalları açıqlamayıb.

Mer Horhn vurğulayıb ki, antisemitizm, irqçilik və dini nifrət halları bütövlükdə şəhərə qarşı yönəlmiş hücum kimi qiymətləndirilir və vətəndaşların təhlükəsizliyinə, eləcə də ibadət azadlığına qarşı terror aktı sayılır.

Qeyd edək ki, "Beth Israel Congregation" Missisipi ştatının ən böyük sinaqoqudur və Jackson şəhərində yerləşən yeganə yəhudi ibadət məkanıdır. Sinaqoq daha əvvəl, 1967-ci ildə vətəndaş hüquqları hərəkatındakı fəaliyyətinə görə "Ku Klux Klan"la əlaqəli partlayışın da hədəfi olmuşdu.