BAKI, 9 sentyabr. TELEQRAF

Ukrayna 2027-2029-cu illərdə büdcə ehtiyaclarını ödəmək üçün təxminən 6,5 trilyon qrivna (təxminən 247 milyard 663 milyon AZN)toplamalı olacaq və bununla dövlət borcu ÜDM-in 114%-ni keçəcə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Ali Radanın deputatı Olqa Vasilyevskaya-Smaqlyuk bildirib.

2027-2029-cu illər üçün dövlət borcunun idarə edilməsi üzrə yeni ortamüddətli strategiyaya əsasən, maliyyələşdirmə tələbi 2027-ci ildə 2,746 trilyon qrivna, 2028-ci ildə 2,06 trilyon qrivna və 2029-cu ildə 1,702 trilyon qrivna təşkil edəcək.

Ukrayna vəsaitlərin əsas hissəsini xarici borclanma yolu ilə əldə etməyi gözləyir. 2027-2028-ci illərdə onlar büdcə ehtiyaclarının təxminən 80%-ni ödəməlidir və 2029-cu ildə onların payının 67%-ə düşəcəyi gözlənilir.

Xarici maliyyələşdirmənin əsas mənbəyi strategiyada Ukraynanın 2027-2029-cu illər üçün bütün ehtiyaclarının təxminən üçdə ikisini təşkil edən Avropa İttifaqı olaraq qalacaq. Eyni zamanda, borc yükünün artımını məhdudlaşdırmaq üçün güzəştli kreditlərə və qrantlara üstünlük verilməsi planlaşdırılır.

Əsas proqnoza görə, dövlət və dövlət zəmanətli borc 2028-ci ildə ÜDM-in 114,2%-nə çatacaq, bundan sonra isə 2029-cu ildə 108,7%-ə düşəcək. Həmin vaxta qədər büdcə kəsirinin ÜDM-in 5,5%-nə endirilməsi planlaşdırılır.

Eyni zamanda, 2026-2029-cu illərdə Ukraynanın dövlət borcuna xidmət və onun ödənilməsi xərcləri ildə orta hesabla təxminən 1,27 trilyon qrivna təşkil edəcək.

Vasilyevskaya-Smaqlyuk qeyd edib ki, strategiyadakı bütün hesablamalar 2027-ci ildən başlayaraq təhlükəsizlik vəziyyətində əhəmiyyətli dərəcədə yaxşılaşma ehtimalına əsaslanır.