BAKI, 12 yanvar. TELEQRAF

ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem Minneapolis şəhərində etiraz aksiyalarının genişlənməsi fonunda buraya yüzlərlə əlavə federal agentin göndəriləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, etirazlar Minneapolisdə ICE əməkdaşı tərəfindən güllələnərək öldürülən 37 yaşlı ABŞ vətəndaşı Renee Qudun ölümü ilə bağlı baş qaldırıb. Üç uşaq anası olan qadın avtomobillə ərazidən uzaqlaşmağa çalışarkən atəşə tutulub.

Minneapolisdə minlərlə insan hadisənin baş verdiyi yaşayış küçəsinə doğru yürüş edib. Şəhər rəsmilərinin məlumatına görə, şənbə günü keçirilən etirazlar zamanı 30 nəfər saxlanılıb, bir polis əməkdaşı isə xəsarət alıb. Buna baxmayaraq, şəhər meri Jacob Frey etirazçıların böyük əksəriyyətinin dinc şəkildə aksiya keçirdiyini bildirib.

Renee Qudun ölümü ABŞ-nin digər iri şəhərlərində də etirazlara səbəb olub. Los Angeles, Salt Lake Siti, eləcə də Kaliforniyanın bir sıra şəhərlərində minlərlə insan küçələrə çıxıb. Los-Ancelesdə etirazçılar federal binalar qarşısında toplaşıb, polis isə bəzi ərazilərdə dağılış əmri verib.