BAKI, 10 yanvar. TELEQRAF

ABŞ-də Miqrasiya və Gömrük Xidməti (ICE) əməkdaşı tərəfindən güllələnərək öldürülən Renee Nikolenin hadisədən saniyələr əvvəl ICE əməkdaşına “Hər şey qaydasındadır” və “Sənə əsəbiləşmirəm” dediyini əks etdirən video yayılıb.

Teleqraf xəbər verir ki, görüntülər ABŞ Prezidenti Donald Trampın administrasiyasına yaxın mövqeyi ilə tanınan "Alpha News" media qurumu tərəfindən paylaşılıb, daha sonra Ağ Evin rəsmi “Rapid Response” hesabında dərc edilib.

47 saniyəlik videoda hadisə Minneapolis şəhərində baş verib. Kadrlarda ICE əməkdaşının telefonundan çəkilmiş görüntülər yer alır. Videoda Renee Nikolenin avtomobili ilə yavaş hərəkət etdiyi, əməkdaşın isə atəş açdığı görünür. Güllələnmədən sonra bir kişinin qadını söyüşlə təhqir etdiyi də eşidilir.

ABŞ Daxili Təhlükəsizlik Departamentinin sözçüsü "The Guardian" nəşrinə açıqlamasında videonun həqiqi olduğunu təsdiqləyib. O bildirib ki, Renee Nikole guya hüquq-mühafizə orqanlarının fəaliyyətinə mane olub və avtomobilini “silah kimi istifadə edərək” federal əməkdaşların həyatına təhlükə yaradıb. Onun sözlərinə görə, ICE əməkdaşı öz həyatından qorxaraq atəş açıb.

“Amerikalılar bu videoya özləri baxıb nəticə çıxara bilərlər”, – deyə sözçü bildirib.

Məlumata görə, öldürülən qadın üç uşaq anası olub. Onu güllələyən ICE əməkdaşının Jonathan E. Ross olduğu açıqlanıb. Ross ICE-nin xüsusi reaksiya qrupunda 10 ildir xidmət edir. Bildirilir ki, o, iyun ayında başqa bir əməliyyat zamanı avtomobil tərəfindən sürüklənmişdi.

Hadisə ABŞ-də ciddi ictimai rezonans doğurub. ABŞ-nin vitse-prezidenti videoya münasibət bildirərək qadının ölümünü “faciə” adlandırsa da, ICE əməkdaşının özünümüdafiə məqsədilə atəş açdığını iddia edib.

Minnesota ştatının rəsmiləri və ictimaiyyət isə Tramp administrasiyasının mövqeyini kəskin tənqid edib. Minneapolis meri Jacob Frey ICE-ni şəhərdən çıxıb getməyə çağırıb. Qeyd edək ki, Minneapolis daha əvvəl George Floydun polis tərəfindən öldürülməsi ilə bağlı kütləvi etirazların mərkəzinə çevrilmişdi.

Renee Nikolenin həyat yoldaşı Rebecca Good yayımladığı bəyanatda bildirib ki, onlar həmin gün qonşularına dəstək vermək üçün dayanmışdılar: “Biz oğlumuzu insanlara mərhəmət və şəfqətlə yanaşmağa öyrədirdik. Renee bu dəyərləri hər gün yaşayırdı. O, sevgi, sevinc və işıq idi”.

Hadisə ilə bağlı etiraz aksiyaları davam edir.