BAKI, 3 yanvar. TELEQRAF
Meksika hökuməti ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi birtərəfli hərbi əməliyyatlarla bağlı rəsmi bəyanat yayıb.
Teleqraf xəbər verir ki, hökumətin rəsmi saytında yerləşdirilən sənəddə Vaşinqtonun hərəkətləri kəskin tənqid olunub.
Bəyanatda qeyd olunur ki, ABŞ ordusunun Venesuela Bolivar Respublikasının ərazisindəki hədəflərə qarşı son saatlarda atdığı addımlar beynəlxalq nizamın əsaslarını sarsıdır:
"Meksika hökuməti Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin son saatlarda Venesuela ərazisindəki hədəflərə qarşı birtərəfli qaydada həyata keçirdiyi hərbi əməliyyatları pisləyir və qətiyyətlə rədd edir. Bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin 2-ci maddəsinin aşkar şəkildə pozulmasıdır".
Rəsmi Mexiko bildirir ki, suveren dövlətə qarşı güc tətbiqi qəbuledilməzdir və regionda gərginliyin artmasına xidmət edir. Meksika tərəfləri beynəlxalq hüquq normalarına hörmət etməyə və münaqişəni diplomatik yollarla həll etməyə çağırıb.