BAKI, 3 yanvar. TELEQRAF

ABŞ-nin Baş prokuroru Pem Bondi ələ keçirilən Nikolas Maduro və həyat yoldaşına qarşı narkoterrorizm və silah qaçaqmalçılığı maddələri ilə rəsmi ittiham irəli sürüldüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

O, xüsusi əməliyyat zamanı saxlanılan Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin Nyu-York məhkəməsi tərəfindən mühakimə olunacağını bildirib.

Baş prokurorun sözlərinə görə, ittihamlar Nyu-Yorkun Cənub dairəsində irəli sürülüb. Nikolas Maduroya qarşı aşağıdakı maddələr üzrə ittihamlar qeyd olunur:

Narkoterrorizm məqsədilə əlbir olmaq;

Kokainin ABŞ-yə idxal edilməsi məqsədilə gizli sövdələşmə;

Qanunsuz silah və dağıdıcı qurğulara sahib olmaq;

ABŞ-yə qarşı silahlı qəsd hazırlamaq.

Bondi qeyd edib ki, Nikolas Maduro və xanımı Flores yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaqlar. Bu addım ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi və hüquqi əməliyyatın növbəti mərhələsi kimi qiymətləndirilir.