BAKI, 3 yanvar. TELEQRAF

"Venesuelanın paytaxtına və ətraf ərazilərə endirilən zərbələr nəticəsində rabitə qüllələri zədələnib, elektrik enerjisinin kəsilməsi halları baş verir, əhali isə evlərində qalmağa üstünlük verir".

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin "Sözcü" telekanalının canlı efirində Karakasda fəaliyyət göstərən jurnalist Mustafa Özdemir məlumat verib.

"Hücumlar zamanı rabitə qüllələri zədələndiyi üçün hazırda əlaqədə problemlər yaranıb. Həmçinin paytaxtın müxtəlif hissələrində kütləvi elektrik kəsintiləri müşahidə olunur. Şəhərin özündə və ətrafında ən azı dörd rayon zərbələrə məruz qalıb. Daxil olan məlumatlara görə, bunlar 'Fuerte Tiuna' hərbi kompleksi, 'Las Adjuntas', '23 de Enero' rayonları, eləcə də Karib dənizi sahilində yerləşən 'La Guaira' bölgəsidir", — jurnalist bildirib.

O, həmçinin qeyd edib ki, Karakasda hələlik kütləvi panika müşahidə olunmur, insanlar evlərində qalmağa üstünlük verirlər, lakin çox qorxublar.