BAKI, 3 yanvar. TELEQRAF
"ABŞ Venesuelanın strateji resurslarını, xüsusilə neft və faydalı qazıntı yataqlarını ələ keçirmək üçün mülki və hərbi obyektlərə hücum edib".
Teleqraf xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlik beynəlxalq birliyi ABŞ hökumətinin hərbi təcavüzünü pisləməyə çağırıb:
"Venesuela ABŞ-nin hazırkı administrasiyası tərəfindən törədilən ciddi hərbi təcavüzü rədd edir və qətiyyətlə pisləyir. Bu akt BMT Nizamnaməsinin suverenliyə hörmət, dövlətlərin hüquqi bərabərliyi və güc tətbiqinin qadağan olunmasını nəzərdə tutan 1-ci və 2-ci maddələrinin kobud şəkildə pozulmasıdır. Belə bir təcavüz Latın Amerikası və Karib hövzəsində sülhü təhdid edir, milyonlarla insanın həyatını təhlükə altına qoyur".
Rəsmi Karakas hesab edir ki, ABŞ-nin əsas məqsədi ölkənin təbii sərvətlərini talamaqdır:
"Onlar buna nail ola bilməyəcəklər. İki yüz ildən artıq müstəqillik tarixinə malik olan xalqımız və qanuni hökumətimiz suverenliyimizin müdafiəsində və öz taleyini təyin etmək hüququnda sarsılmazdır".