BAKI, 1 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın son ictimai çıxışları zamanı əllərində müşahidə olunan göyərmələr Amerika mediasında onun səhhəti ilə bağlı müzakirələrə səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Nəşrin yazdığına görə, Ağ Evin rəhbərinin sol əlini arxa hissəsində yeni, yüngül göyərmələr, sağ əlində isə daha nəzərə çarpan göyərmə müşahidə edilib. Məsələ ilə bağlı həkimlər bildiriblər ki, narahatlıq üçün ciddi əsas yoxdur.
Həkim Ceffri Linder qeyd edib ki, bu cür xırda detallar Trampın ictimai imicindən diqqəti yayındırır və sağlamlıqla bağlı təhlükəli siqnallar kimi qiymətləndirilməməlidir.
CNN xatırladıb ki, Tramp katolik Milad bayramı ərəfəsində də hər iki əlində travma izləri ilə ictimaiyyət qarşısına çıxmış, həmin izlər kosmetik vasitələrlə gizlədilməyə çalışılmışdı. Daha əvvəl də prezidentin əllərindəki göyərmələrin tonal krem vasitəsilə örtüldüyü müşahidə olunmuşdu.
Qeyd edək ki, Tramp noyabr ayının sonunda "The New York Times" qəzetini səhhəti ilə bağlı dərc etdiyi yazıya görə “xalqın düşməni” adlandırmışdı. O, öz növbəsində fiziki və əqli vəziyyətinin əla olduğunu bəyan edib.