BAKI, 1 yanvar. TELEQRAF
Nyu-York şəhərinin yeni seçilmiş meri Zohran Mamdani vəzifəsinin icrası zamanı Qurana and içən ilk mer kimi tarixə düşəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Məlumata görə, Yeni il günü keçiriləcək andiçmə mərasimi iki mərhələdə baş tutacaq. İlk mərasim gecə yarısı Nyu-York ştatının baş prokuroru Letitia Ceymsin ev sahibliyi ilə qapalı formatda təşkil olunacaq. Daha sonra isə Mamdani günorta saatlarında Şəhər Bələdiyyəsinin qarşısında keçiriləcək açıq mərasimdə senator Bernie Sanders tərəfindən rəsmi olaraq and içəcək.
Bildirilib ki, Mamdani andiçmə zamanı ailəsinə məxsus iki Quran nüsxəsindən, eləcə də Harlem rayonunda afro-amerikan mədəni irsinin qorunmasına töhfə vermiş yazıçı və ictimai xadim Arturo Şomburqa aid olan Qurandan istifadə edəcək.
34 yaşlı Mamdani Uqandada anadan olub və Nyu-York tarixində ilk müsəlman mer olacaq. O, noyabr ayında keçirilən seçkilərdə sabiq qubernator Endryu Kuomonu və respublikaçı namizəd Körtis Slivanı məğlub edib.
Seçki kampaniyası dövründə Mamdani yaşayış xərclərinin azaldılması, kirayə haqlarının dondurulması, bələdiyyəyə məxsus ərzaq mağazalarının yaradılması, pulsuz ictimai nəqliyyat və uşaq baxçası xidmətləri kimi sosialyönümlü təşəbbüslərlə çıxış edib.
Məlumata görə, andiçmə mərasimində ABŞ Konqresinin üzvü Aleksandriya Okasio-Kortezin də çıxış etməsi gözlənilir.
Qeyd edək ki, Mamdaninin seçilməsi ABŞ-də dini və siyasi müxtəlifliyin şəhər idarəçiliyində təmsil olunması baxımından mühüm hadisə kimi qiymətləndirilir.