BAKI, 1 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Milli Qvardiya qüvvələrinin Los-Anceles, Portlend və Çikaqo şəhərlərindən çıxarılacağını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə Amerika lideri Vaşinqtonda jurnalistlərə açıqlamasında bildirib.
Trampın sözlərinə görə, Milli Qvardiyanın mövcudluğu bu şəhərlərdə cinayətkarlığın azalmasına mühüm təsir göstərib: “Biz Milli Qvardiyanı Çikaqo, Los-Anceles və Portlenddən çıxarırıq. Halbuki bu şəhərlərdə cinayət səviyyəsi məhz bu vətənpərvər insanların sayəsində əhəmiyyətli dərəcədə azalıb”.
ABŞ prezidenti qeyd edib ki, federal hakimiyyətin müdaxiləsi olmasaydı, adıçəkilən şəhərlərdə vəziyyət daha da ağırlaşardı. O əlavə edib ki, cinayətkarlıq yenidən artarsa, federal hakimiyyət daha sərt və qətiyyətli formada geri qayıda bilər.
Tramp Demokrat Partiyasından olan mer və qubernatorları sərt tənqid edərək onların Milli Qvardiyanın çıxarılmasını istəməsini təəccüblü adlandırıb: “Bu qədər uğurlara baxmayaraq, son dərəcə qeyri-kompetent demokrat rəhbərlərin bizim getməyimizi istəməsi inanılmazdır”.
Xatırladaq ki, Tramp administrasiyası daha əvvəl Los-Anceles, Portlend və Çikaqo da daxil olmaqla bir sıra ABŞ şəhərlərində iğtişaşların qarşısının alınması və qeyri-qanuni miqrantların kütləvi deportasiyası ilə məşğul olan xidmət əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün Milli Qvardiyanın yerləşdirilməsinin vacibliyini vurğulamışdı.
Qeyd edək ki, ABŞ Ali Məhkəməsi dekabrın 23-də Tramp administrasiyasının Çikaqoda asayişin qorunması məqsədilə Milli Qvardiyadan istifadə etməsinə hələlik icazə verməyib. Məhkəmə federal hakimiyyətin bu addımı əsaslandıracaq hüquqi səlahiyyətləri göstərmədiyini bildirib. Bununla yanaşı, məsələ üzrə yekun qərarın hələ qəbul edilmədiyi və baxışın davam edəcəyi vurğulanıb.
Bundan əvvəl ölkənin bir sıra digər ştatlarında da məhkəmələr Demokratların rəhbərlik etdiyi bölgələrə Milli Qvardiya qüvvələrinin göndərilməsini bloklamışdı.