BAKI, 27 dekabr. TELEQRAF

ABŞ-nin keçmiş prezidenti Barak Obamanın Çikaqoda inşa edilən Prezident Mərkəzi illərdir davam edən dizayn tənqidlərinə münasibət bildirib.

Teleqraf xəbər verir ki, Obama Fondunun direktor müavini Kim Patterson mərkəzin qeyri-adi memarlıq üslubunun məqsədli şəkildə seçildiyini deyib. Onun sözlərinə görə, binanın demək olar ki, pəncərəsiz olması təsadüfi deyil:

“Binada pəncərələrin az olması şüurlu qərardır. Günəş işığı sərgidə nümayiş olunacaq sənət əsərləri və tarixi eksponatlar üçün uyğun deyil”, – deyə o bildirib.

Çikaqonun cənub hissəsində yerləşən, 225 fut hündürlüyündə olan və boz rəngli brutalist üslubda inşa edilən bina ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bəzi sakinlər tikilini istehza ilə “Obamalisk” adlandırıb.

Fond rəsmisi bildirib ki, binanın forması dörd əlin birləşməsini simvolizə edir və bu, kollektiv fəaliyyətin əhəmiyyətini ifadə edir.

Layihə illər ərzində etirazlara və məhkəmə çəkişmələrinə də səbəb olub. 2018-ci ildə şəhər park ərazisinin Obama Fonduna qanunsuz verilməsi iddiası ilə qaldırılan məhkəmə işi 2022-ci ildə başa çatıb.

Patterson həmçinin yerli sakinlərin etirazları nəzərə alınaraq avtomobil dayanacağının yeraltı inşa edildiyini bildirib.

Qeyd edək ki, ilkin olaraq 500 milyon dollar dəyərində qiymətləndirilən layihənin ümumi xərci hazırda 850 milyon dollara çatıb. Obama Prezident Mərkəzinin 2026-cı ilin iyununda açılması planlaşdırılır.