BAKI, 25 dekabr. TELEQRAF

Ağ Ev Donald Trampın səhhətinin pisləşməsi ilə bağlı dərc olunan xəbərə görə Britaniyanın "The Guardian" nəşrini sərt tənqid edib.

Teleqraf xəbər verir ki, Ağ Evin mətbuat katibinin köməkçisi Liz Hyuston qəzetdə yayımlanan və ABŞ Prezidenti Donald Trampın guya psixoloji problemlər yaşadığına dair iddiaların yer aldığı materiala münasibət bildirib.

Onun sözlərinə görə, "The Guardian" bu cür xəbərlərlə peşəkar jurnalistika prinsiplərini pozur. Liz Hyuston nəşri solçu dairələrin ruporu adlandıraraq, belə məlumatların dərc edilməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Qeyd edək ki, noyabr ayının sonunda Donald Tramp səhhəti ilə bağlı dərc olunan yazıya görə "The New York Times" qəzetini də tənqid edərək onu xalqın düşməni adlandırmışdı. Tramp həmin vaxt səhhətinin, həm fiziki, həm də əqli baxımdan, tam normal olduğunu bəyan etmişdi.