BAKI, 23 dekabr. TELEQRAF
ABŞ-də miqrasiya qaydalarını pozmaqda şübhəli bilinərək saxlanılan şəxslərin sayı tarixi maksimuma yüksəlib.
Teleqraf xəbər verir ki, ABŞ Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) iki həftədən bir açıqladığı rəsmi məlumatlara görə, 2025-ci il dekabrın 14-nə olan vəziyyətə əsasən, ölkə üzrə miqrasiya mərkəzlərində 68 min 400-dən çox şəxs saxlanılıb. Bu göstərici dekabr ayının əvvəlində qeydə alınmış əvvəlki rekord həddi də üstələyib.
"The Guardian" nəşri ICE-in statistik məlumatlarına istinadla bildirir ki, 1 oktyabr–14 dekabr 2025-ci il tarixlərini əhatə edən son hesabat administrasiyanın miqrasiya siyasətinin miqyasını ortaya qoyur. Nəşrin apardığı hesablamalara əsasən, 2025-ci ilin yanvarından bu günədək ABŞ hakimiyyəti 328 mindən çox miqrantı saxlayıb, onlardan təxminən 327 mini deportasiya edilib.
Məlumata görə, miqrasiya siyasətindəki ən diqqətçəkən dəyişikliklərdən biri cinayət keçmişi olmayan şəxslərin saxlanılanlar arasında ən böyük qrupu təşkil etməsidir. Bu, administrasiyanın miqrasiya tədbirlərini əsasən “ən təhlükəli cinayətkarlara” yönəltdiyi barədə bəyanatları ilə ziddiyyət təşkil edir.
Qeyd olunur ki, ABŞ qanunvericiliyinə əsasən, sənədsiz yaşamaq cinayət yox, mülki hüquq pozuntusu hesab olunur. Bununla yanaşı, Donald Tramp administrasiyası ABŞ-də qanuni əsaslarla yaşayan bir çox miqrant üçün mövcud müdafiə mexanizmlərinin də ləğvi istiqamətində addımlar atıb.