BAKI, 23 dekabr. TELEQRAF

Tramp ABŞ Hərbi Dəniz Qüvvələri üçün iki yeni ən böyük döyüş gəmisinin inşasını elan edib.

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkənin Hərbi Dəniz Qüvvələri üçün yeni nəsil iki iri döyüş gəmisinin inşasına başlanacağını açıqlayıb.

Tramp bu barədə Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında çıxışı zamanı məlumat verib. O bildirib ki, Ali Baş Komandan kimi ABŞ Hərbi Dəniz Qüvvələrinin iki yeni və indiyədək tikilmiş ən böyük döyüş gəmilərinin yaradılması planını təsdiqləyib.

“Ali Baş Komandan olaraq Hərbi Dəniz Qüvvələrinin iki yeni, çox böyük, indiyədək inşa edilmiş ən böyük döyüş gəmilərinin yaradılmasına başlamaq planını təsdiqlədiyimi elan etmək mənim üçün böyük şərəfdir”, – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti qeyd edib ki, yeni gəmilər döyüş gücünə görə mövcud hərbi gəmiləri dəfələrlə üstələyəcək. Onun sözlərinə görə, bu gəmilər mövcud donanma vasitələrindən yüz dəfə güclü olacaq.

Tramp həmçinin ABŞ-nin yeni hərbi gəmilərə ciddi ehtiyac duyduğunu bildirib.